UEFA Çempionlar Liqasının A qrupunda mübarizə aparan “Qalatasaray” ikinci turda “Mançester Yunayted”lə üz-üzə gələcək. Komanda “Old Trafford” stadionunda keçiriləcək qarşılaşmaya iddialı hazırlaşıb. Lakin İstanbul təmsilçisi Mançester şəhərində taktiki-texniki məşqlər keçməyib. Okan Burukun rəhbərlik etdiyi kollektiv son məşq prosesini “Florya Mətin Oktay” bazasında keçirib. “Qalatasaray” İngiltərəyə 19 nəfərlik heyətlə yollanıb. Diqqət çəkən məqamlardan biri isə “cimbom”un yeni transferi Hakim Ziyeşin “mankunyanlar”la oyunda iştirak ərizəsinə salınmamasıdır.
“Mançester Yunayted”in itkiləri isə əsas müzakirə mövzusudur. Komandanın heyətində 8 futbolçunun qarşılaşmada iştirak etməməsi “qırmızılar”ın işini bir qədər də çətinləşdirir. Amma baş məşqçi mövcud vəziyyətdə ruhdan düşməmək lazım olduğunu bildirib: “Komandanın hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Bunu qəbul edirəm. Amma çıxış etdiyimiz turnir Çempionlar Liqasıdır. Bu mühitin məsuliyyətini hər bir kəs başa düşməlidir. Burada kiçik belə səhv etsən nəticəsi ağır ola bilər. “Qalatasaray” son illərdə yaxşı formaya düşüb. Həmkarımı bu barədə təbrik edirəm. Lakin düşünürəm ki, öz azarkeşlərimizə qələbə həyəcanı yaşatmalıyıq.”
Qeyd edək ki, “Mançester Yunayted” – “Qalatasaray” matçı bu gün Bakı vaxtı ilə saat 23-də başlanacaq. Görüşü İvan Krujlyakın rəhbərlik etdiyi Slovakiyalı hakimlər briqadası idarə edəcək.